Milli Məclisin deputatları Buxarestdə keçirilən konfransda iştirak ediblər
16.6.2017

Rumıniyanın paytaxtı Buxarest şəhərində “Qanunun köməyilə qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” mövzusunda Mərkəzi və Şərqi Avropa regional konfransı keçirilib.
Tədbirdə ölkəmizi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova təmsil ediblər.
Konfransda qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində parlamentlərin rolu, bununla bağlı qəbul edilmiş normativ-hüquqi bazaya əlavə və dəyişikliklərin edilməsi, qadınlar və qızların ictimai həyatda rolunun artırılması, profilaktik maarifləndirmə işinin aparılması, gender bərabərliyinin təmin edilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrə qatılan azərbaycanlı deputatlar ölkəmizdə qadınların hüquqlarının qorunması sahəsində Milli Məclis tərəfindən qəbul olunan qanunlar barədə konfrans iştirakçılarına məlumat veriblər. Parlament üzvləri həmçinin qadınların ictimai həyatda fəal iştirakı və onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.
Qeyd edək ki, 20-dən çox ölkənin parlament üzvləri, beynəlxalq təşkilat və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi regional konfrans "Parlamentlərarası Birlik" təşkilatı və Rumıniya parlamentinin təşkilatçılığı ilə baş tutub.


report.az