Bakı Ali Neft Məktəbində valideynlərin iştirakı ilə “Açıq qapı günü” keçirilib
16.6.2017

Bakı Ali Neft Məktəbinin (BANM) yeni şəhərciyində “Açıq qapı günü" keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri iştirak edib. “Açıq qapı günü” BANM-in kampusunun tanışlıq gəzintisi ilə başlayıb. Şagirdlər 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, 110 yerlik auditoriya zalı, kafe, tədris auditoriyaları, müasir tədris laboratoriyaları, kitabxana, üzmə hovuzu, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
Tədbir daha sonra BANM-in Senat otağında davam edib. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva audio-vizual təqdimatla çıxış edərək şagirdlərə Ali Məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və Ali Məktəbin fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib. H.Hacıyeva həmçinin BANM-in tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurun sirləri barədə danışaraq tələbə təşkilatları və klubları haqqında məlumat verib.
Sonda tədbir iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara Ali Məktəbin bukletləri paylanılıb və xatirə fotoları çəkilib.


report.az