Tbilisidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun və Gürcüstanın məşhur heykəltəraşı, Xalq rəssamı, akademik Merab Merabişvilinin əsərlərinin fotoşəkillərindən ibarət “Dostluq sərgisi” açılıb.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Milli Muzeyinin, “XXI əsr mədəniyyətlərarası dialoq” Assosiasiyasının və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə açılıb.
İyunun 30-dək davam edəcək sərgidə hər iki heykəltəraşın əsərlərinin 100-dən çox fotoşəkili nümayiş olunur.
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze tədbiri açaraq Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq münasibətlərindən danışıb, əlaqələrimizin daha da möhkəmlənməsində elm, mədəniyyət, incəsənət xadimlərinin rolunu xüsusi qeyd edib.
Sonra “XXI əsr mədəniyyətlər arası dialoq” Assosiasiyasının prezidenti, professor Valeri Asatiani, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, əməkdaşlığımızın daha da genişlənməsində və gənc nəslin maariflənməsində bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər.
Akademik Ömər Eldarov və Merab Merabişvili sərginin təşkilinə və göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Ömər Eldarov “Report”un yerli bürosuna müsahibəsində deyib: “Çox şadam ki, Tbilisidə əsərlərimin fotoşəkillərindən ibarət sərgisi açılıb. Sərgidə dostlum və həmkarım Merab Merabişvilinin də əsərlərinin nümayiş olunması məni ikiqat sevindirir. Biz yaxın vaxtlarda Bakıda da belə bir sərgi açacağıq. İnanıram ki, bu cür sərgilər, digər mədəni tədbirlər Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu mövcud olan dostluq əlaqələrini daha möhkəmləndirəcək.
Merab Merabişvili isə deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında çox mehriban, dostluq münasibətləri var: "Amma əlaqələrimizin gələcəkdə davam etməsi və daha da möhkəmlənməsi üçün gənc nəslin yetişməsi vacibdir. İnanıram ki, biz gənclərə nümunə olacağıq və yeni nəsil bizim yolumuzu davam etdirəcək. Bunun üçün gözəl zəmin var”.
Valeri Asatiani isə bildirib ki, sərgini təşkilində məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək, eyni zamanda, bu gün mövcud olan dostluq körpüsünün inkişafına gəncləri və tələbələri cəlb etməkdir.
Qeyd edək ki, sərginin açılışında Azərbaycan və Gürcüstanın mədəniyyət xadimləri, elm, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
report.az