"Formula 1" yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində çalışacaq
19.6.2017

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.


Milli.Az