Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının mükafatlandırlma mərasimi təşkil edilib.
Azərbaycan ŞHK ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatda Bakının 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.
Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, ŞHK-nın Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bakıdakı 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli Təhsil Kompleksinin, Bakı Modern Məktəbinin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.
Qalib iştirakçılar diplom və sertifikatlarla təltif ediliblər.
Çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdır.
azertag.az