Tvinninq layihəsi çərçivəsində İtaliyada keçirilən təlim-təcrübə proqramı davam edir
20.6.2017

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində nazirliyin iki əməkdaşı üçün İtaliyanın Florensiya şəhərində fəaliyyət göstərən və Vecchio Sarayının idarəetməsinə cavabdeh olan Mus.E Assosiasiyasında təlim-təcrübə proqramı davam edir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, proqramda Tvinninq İşçi Qrupunun üzvlərindən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Nərgiz Abdullayeva və Qiyafət Xeyirxəbərli iştirak edirlər.

Proqram çərçivəsində Toskana regionunun baş ofisində hüquqşünas Roberto Ferrari ilə görüş keçirilib, regionda qəbul olunmuş qaydalar və sənədlər barədə müzakirələr aparılıb. Həmçinin MUS.E.Assosiasiyasının müxtəlif ofisləri ilə tanışlıq təşkil olunub. Bundan əlavə, iştirakçılar Florensiyada yerləşən Museo Nove Cento, Museo Bardini, Forte Belvedere və digər muzeylərə ziyarət edib, dünyaca məşhur “YİTALİA” sərgisi ilə tanış olublar.

Proqram çərçivəsində, həmçinin Palazzo Vecchio sarayının info mərkəzi, bilet ofisi və suvenir-kitab mağazasının işinin qurulmasına dair təlim də təşkil olunub.

Təcrübə proqramı iyunun 23-dək davam edəcək.


azertag.az