Buraxılış imtahanlarının II mərhələsinin tarixi açıqlandı
20.6.2017

Dövlət İmtahan Mərkəzi (DİM) bölgələr üzrə IX və XI sinif şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
İyun ayının 23-ü keçiriləcək imtahanda Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər iştirak edəcəklər.
Həmin gün II mərhələ üzrə 31715 IX sinif, 25373 XI sinif - ümumilikdə 57088 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan IX sinif şagirdləri üçün saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlayacaq.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- “İmtahana buraxılış vərəqəsi”;
- şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).



publika.az