“Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib”.
Bu sözləri Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə və sosial statusun bütün parametrləri nəzərə alınmaqla həyata keçirilib.
“Proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırıb və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edib. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrup tərəfindən dəyərləndirilərək müvafiq qərar qəbul edilib. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Yerdəyişmə müəllimin ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilib. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb. Bir rayondan digərinə iş yerini dəyişmək üçün mərkəzləşmiş sənəd qəbulunda 3800-ə yaxın müraciət olmuşdu. Onlardan 1000 nəfər iş yerini dəyişib”.
Qeyd edək ki, 26-30 may tarixlərində müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki. ötən il müəllimlərin yerdəyişməsindən 360 nəfər yararlanmışdısa, bu il 1650 nəfər bu imkandan istifadə edib.
Onun sözlərinə görə, bir çox hallarda müəllimlərin doktoranturada oxuması, Əməkdar müəllim adını alan müəllimlərin müraciətinə müsbət cavab verilib. “ Müəllimlərin yerdəyişməsində çox parametrlər təhlil edilib. Bu işin daha ədalətli həyata keçirilməsinə çalışmışıq. Elə məktəblər olub ki, müəllimlərin cins tərkibinə üstünlük vermişik. Məsələn, qadın müəllimlərin üstünlük təşkil etdiyi məktəbdə yerdəyişmə zamanı kişi müəllimlərə üstünlük vermişik”.
publika.az