Formula 1 üzrə Azərbaycan Qran Prisinin Bulvar tribunasına olan biletlərin hamısı satılıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdimin sözlərinə görə, ötən illə müqayisədə, bu dəfə yarışı izləməyə gələcək xarici qonaqların sayı iki dəfə çox olacaq: “Bütün gücümüzü səfərbər edərək, geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb. Son məlumata əsasən deyə bilərəm ki, Bakıdakı yarışı izləməyə bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək.
B.Özdəmir bildirib ki, son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb: “Eyni zamanda bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərirlər. Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun təbii nəticəsidir ki, artıq 3 tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bidirmək istərdik ki, bilet almağa tələssinlər, əks halda, sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşqusu arzulayırıq”.
Qeyd edək ki, Azərbaycan Qran Prisini yerində canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur. Yarış 23 – 25 iyunda keçiriləcək.
report.az