Lüksemburqda Azərbaycanın gənc rəssamlarının “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgisinin açılış mərasimi keçirilib.
Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata görə, sərgidə nümayiş olunması üçün 24 gənc rəssamın 84 əsəri seçilib.
Tədbirdə Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri, Lüksemburqda akkreditə olunmuş diplomatik korpusun üzvləri, bu ölkədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, tədqiqat mərkəzlərinin və mətbuat qurumlarının nümayəndələri iştirak ediblər.
Sərgini “Qarabağ” Mədəniyyət Cəmiyyətinin vitse-prezidenti xanım Eva Rodik açaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra səfir Fuad İsgəndərov çıxış edərək Azərbaycanın dünyada qədim tarixə, mədəniyyətə malik, eyni zamanda möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb. O, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gun bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Diplomat bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Bundan sonra F.İsgəndərov tərəfindən iştirakçı rəssamlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və "Azərbaycan Hava Yolları"nın (AZAL) dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən keçirilib.
report.az