Ukrayna Mədəniyyət Fondunda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri olan “Müasir Azərbaycan poeziyası antologiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Ukrayna dilinə tərcümə olunmuş kitabda Azərbaycanın 40-dan artıq klassik və müasir şairinin şeirləri yer alıb.
Ukraynanın tanınmış şair və yazıçılarının, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək şair və yazıçılarımızın dünyanın poeziya xəzinəsinə verdikləri dəyərli töhfələrdən söz açıb. O, XX və XXI əsr Azərbaycan poeziya incilərinin Ukrayna ədəbiyyatsevərlərinə təqdim olunmasının tarixi əhəmiyyətindən danışıb.
Afaq Məsud bildirib ki, hər iki ölkə şairlərinin şeirlər toplusunun Azərbaycan və Ukrayna dillərinə tərcümə olunması xalqlarımız arasında mövcud olan ənənəvi ədəbi-mədəni əlaqələrin inkişafına dəyərli töhfə verəcək.
Azərbaycanla Ukraynanın tarixi dostluq münasibətlərindən söz açan Ukrayna Mədəniyyət Fondunun direktor müavini Aleksandr Bakumenko xalqlarımızın poetik duyğularının zəngin və oxşar çalarlarından danışıb. Bu baxımdan hər iki ölkənin poeziya nümunələrinin bir-birilərinə təqdim olunmasını yüksək dəyərləndirən A.Bakumenko kitabın nəşrinə maddi və mənəvi dəstək göstərən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə təşəkkürünü bildirib.
Azərbaycanın ədəbi mühitinin xarici ölkələrdə tanıdılmasının vacibliyini vurğulayan Rövşən Tağıyev rəhbərlik etdiyi qurumun bundan sonra da belə nəcib missiyaların həyata keçirilməsinə dəstək verəcəyini qeyd edib.
Tədbirdə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev, Ukrayna Yazıçılar Birliyinin Kiyev şəhər bölməsinin rəhbəri Vladimir Danilenko, şair-tərcüməçi Lesya Mudrak və digər çıxış edənlər xalqlarımızın mədəni və fəlsəfi dəyərlərinin poetik, bədii üslubda geniş oxucu auditoriyasına təqdim olunmasının vacib amillərdən biri olduğunu diqqətə çatdırıblar.
azertag.az