ABŞ və Azərbaycan İmişli rayonunda tibbi xidmətləri təkmilləşdirir
30.6.2017

Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.
ABŞ səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat, Səhiyyə nazirliklərinin, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
“Amerika Birləşmiş Ştatlarının səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi adından ümid edirəm ki, bu yeni tibb məntəqəsi icmanızın təcili tibbi ehtiyaclarını ödəyəcək, habelə sizin və yaxınlarınızın həyatını yaxşılaşdıracaq” - USAID-in missiya direktoru xanım Mikaela Meredis deyib.
Bildirilib ki, Şahverdililər kəndinin sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə birotaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzlədilər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Şahverdililər kəndinin 1500-dən çox sakininin gündəlik tibbi ehtiyacını yaxşılaşdıracaq.
Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən çox insanın faydalanacağı 98 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.


report.az