Xeyirxahlıq, qayğıkeşlik, məqsədyönlülük. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür
3.7.2017

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

Leyla Əliyeva özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu o insanlardır ki, ölkəmizin gələcəyi üçün narahatdırlar və onun çiçəklənməsi naminə çalışmağa hazırdırlar.

Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.

Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub. Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Leyla Əliyeva öz müraciətində demişdi: “Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq və qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır. Lakin yaddaşlarda saxlama və xatırlama kifayət deyil. Biz bu yaddaşlardan dərs çıxararaq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq”. Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. Leyla xanım öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında keçirir.

Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın çoğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər. Leyla Əliyevanın Rusiyanın Azərbaycan Gənclər Birliyinin VII illik Forumunda qeyd etdiyi kimi, 8 il ərzində kifayət qədər böyük işlər görülüb. Leyla Əliyeva vurğulayıb: “Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”.

Leyla Əliyevanın fəaliyyətinin daha bir uğurlu istiqaməti ekologiya və heyvanların müdafiəsi sahəsində işdir. Onun təşəbbüsü ilə yaradılmış IDEA İctimai Birliyi Azərbaycanın unikal təbiətinin mühafizəsinə, ümumilikdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verib. Ötən ilin noyabrında isə Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzinin açılış mərasimində iştirak edib. Əsası 2014-cü ildə qoyulmuş Mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleks ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib.

IDEA Azərbaycanın yaşıllaşdırılması üzrə də aktiv fəaliyyət göstərir. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə 5 milyondan çox ağac əkilib. Leyla Əliyeva, həmçinin sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib. IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz və Zaqatala rayonlarında, eləcə də Bakının Xəzər rayonunda orta məktəblərin həyətlərində meyvə ağaclarının salınması nəzərdə tutulur. IDEA və Leyla Əliyeva sayəsində ölkəmizin ekologiyası etibarlı müdafiə olunur.

Belə bir deyim var ki, istedadlı insan hər sahədə istedadlıdır. Bu mənada, Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr onun fərdi liderlik keyfiyyətləri, məqsədyönlülüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, hərtərəfli istedada malikdir: Leyla xanım şeirlər yazır, rəsm çəkir, o, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib. Leyla Əliyevanın müəllifi olduğu mistik rəsmlər düşünməyə vadar edir, onun şeirləri sevgi, işıq və səmimiyyətlə doludur, gözəl gələcəyə ümid verir.

Leyla Əliyevanın parlaq şəxsiyyəti özündə gözəl gənc qadının, yaradıcı insanın və istedadlı menecerin cizgilərini birləşdirir. Leyla xanımın geniş fəaliyyəti Azərbaycan cəmiyyətini dəyişdirir, minlərlə insana öz problemləri ilə mübarizədə kömək edir.

Leyla Əliyevanın gördüyü hər bir iş Azərbaycanın çiçəklənməsi naminə edilir, o, ölkəmizin son illərdə əldə etdiyi uğurlara öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti enerjili insandır və şübhəsiz ki, bundan sonra da Azərbaycanda və onun hüdudlarından kənarda Leyla Əliyevanın həyata keçirəcəyi yeni layihələr və təşəbbüslər olacaq. Tam əminliklə demək olar ki, bu layihələrin uğuru əvvəlkilərdən az olmayacaq.

trend