Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi "Mükəmməllik Sertifikatı 2017" mükafatına layiq görülüb
3.7.2017

Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb.

Bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Dünyanın ən nüfuzlu və on milyonlarla istifadəçi auditoriyası olan turizm internet portalı “Tripadvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır.

İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi bu il də "Tripadvisor"un “Certificate of Excellence 2017” (“Mükəmməllik Sertifikatı 2017”) mükafatına layiq görülüb. 2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla “Tripadvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı "TripAdvisor"un təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında "Tripadvisor" ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.

İçərişəhərin növbəti dəfə bu mükafata layiq görülməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qürur və məmnunluq hissi ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarını hər zaman İçərişəhəri ziyarət etməyə dəvət edir.

trend.az