Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
3.7.2017

Dövlət İmtahan Mərkəzi iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

Mərkəzdən verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- imtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Qeyd edək ki, cari ildə rezidenturaya ərizə təqdim etmiş namizədlərdən 655 nəfəri imtahanın I mərhələsinin (9 aprel 2017-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 439 nəfəri qız, 216 nəfəri oğlandır. 586 namizəd Azərbaycan bölməsinin, 69 namizəd rus bölməsinin, 363 namizəd cari ilin, 292 namizəd isə əvvəlki illərin məzunudur, 1 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 633, Naxçıvan şəhərində isə 22 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 83 zal nəzarətçisi ayrılıb.

trend.az