Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
3.7.2017

Məktəblilərin yay tətili günlərində istirahətlərinin daha rəngarəng və maraqlı edilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Gənc Tamaşaçılar Teatrında “Çipollino” tamaşasının pulsuz nümayişi təşkil olunub.

Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 400 nəfər məktəbli iştirak edib.

Beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət Məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün məktəblilərin yay tətili günlərində silsilə tədbirlərin keçiriləcəyi barədə məlumat verərək, onların hər zaman rayon icra hakimiyyətinin diqqətində olduqlarını bildirib.

azertag.az