Fermer 43 il ərzində oxuduğu qəzetləri arxivləşdirib – FOTO
1.11.2012

Türkiyədə Çaylar kəndində yaşayan 57 yaşlı ferma işçisi Nazim Uzunboylu 43 il ərzində oxuduğu qəzetləri öz şəxsi arxivində saxlayır.

Nazim illərdir ki, saxladığı qəzetlərin çoxalmasından sonra onlar üçün evində bir otaq da ayırıb. Hazırda onun arxivindən tələbələr və elm adamları müxtəlif araşdırmalar üçün istifadə edirlər.

3 uşaq atası olan Nazim deyir ki, qəzet oxumağa uşaq yaşlarından başlayıb. 14 yaşından isə, onları arxiv şəklində yığmağa qərar verib.

Hər gün 6-7 müxtəlif qəzet alan 57 yaşlı ferma işçisi onları oxuduqdan sonra arxivləyir və önəmli xəbərləri xüsusi qeyd edir. Ona bu işdə həyat yoldaşı Gülbahar da kömək edir.

“Qəzet arxivim üstü açılmayan cinayətlərdə, yol qəzalarında həyatını itirənlərin yaxınlarına, vəkil, elm adamı və tələbələrə kömək edir. Həmin qəzetlər sübut olaraq istifadə edilir. Bu vaxta qədər çox insana kömək etmişəm. 43 ildə yığdığım qəzetlərə gözüm kimi baxıram. Onların xarab olmaması üçün otağı havalandırıb, hər gün tozunu alıram. Mən öləndən sonra uşaqlarımın bu işi davam etdirməsini istəyirəm” – deyə, Nazim Uzunboylu bildirib.

publika.az