"Azərbaycanda ilk dəfə gözdən əlil məzunlar dövlət müəssisələrində işlə təmin olunub".
Bunu 1 saylı Bakı Tibb Kollecin direktoru Nəriman Mövsümov deyib.
O bildirib ki, kollecdə 2013-cü ildə gözdən əlilliyi olan şəxslər üçün yeni ixtisas açılıb: "Proqram Səhiyyə Nazirliyi və Gözdən Əlillər Cəmiyyəti ilə birgə hazırlanıb. Layihə əsasında gözdən əlillər - görmə imkanını tam itirmiş və ya qismən itirmiş gənclər üçün "İdman və müalicəvi masaj" fakültəsi açılıb. Qısa zamanda tələbələr üçün kitablar nəşr olunub. Həmin kitablar xüsusi şriftlərlə çap olunub. Ötən 3 il ərzində tələbələr lazımi biliklərə yiyələniblər. Bu layihə regionda bu istiqamətdə atılan ilk addımdır. Bu cür layihələr nəticəsində əlilliyi olan tələbələr tezliklə cəmiyyətə inteqrasiya olunur".
N.Mövsümov qeyd edib ki, fakültənin ilk qrupundan 13 nəfər gözdən əlil şəxs məzun olub: "Tələbələrin içərisində 5-i oğlan, 8-i qızdır. Azərbaycanda ilk dəfədir ki, tələbələrə "İdman və müalicəvi masaj" ixtisası üzrə diplom verilib. Bu ixtisasa məhz I və II qurup gözdən əlillər sahibləniblər. Məzunlarımız həmçinin təyinatla işə göndəriliblər, yəni işlə təmin olunublar. Məzunların hər biri dövlət müəssisələrinə təyinat alıb. Həmin vətəndaşlar artıq cəmiyyətə inteqrasiya olunublar".
report.az