Noyabr ayında Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi
təntənəli şəkildə qeyd olunacaq. Yubiley tədbirlərində təkcə idman
ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
noyabrın 4-də saat 13.00-dan başlayaraq, Dənizkənarı Milli Parkda
səhərdən axşamadək müxtəlif tədbirlər həyata keçiriləcək. İdman
həvəskarları və şəhər sakinləri Azərbaycan Olimpiya Hərəkatının
uğurlarını əks etdirən fotostendlərlə tanış olacaqlar. Bundan başqa
idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və
mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı
qazanacaqlar.
Peşəkar fotoqraf tərəfindən çəkilən fotoşəkillər www.idman.com.az
saytında yerləşdiriləcək və hamı öz şəklini həmin saytdan pulsuz götürə
biləcək.
Bundan başqa, mərasim iştirakçıları boks, cüdo, taekvondo, qol güləşi,
gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar
idmançıların nümunəvi çıxışlarını izləyəcək və arzu edənlər həmin idman
növlərində öz qüvvə və bacarıqlarını məşqçilərin müşaiyəti ilə yoxlaya
biləcəklər. Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş
yürüş də təşkil ediləcək. Yürüşün qaliblərinə qiymətli hədiyyələr
təqdim ediləcək.
Tədbirə saat 18.30-da başlanacaq möhtəşəm konsert proqramı ilə tədbirlərə yekun vurulacaq.
ANS PRESS