Nazir: "ASAN viza” yalnız aeroportlarda deyil, gömrük-keçid məntəqələrində də tətbiq ediləcək
4.7.2017

Yaxın gələcəkdə Azərbaycanda “ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limanında deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşündə deyib.

Nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir.

trend.az