Məktəblərə qrantların ayrılması ŞƏRTLƏRİ təsdiqləndi
4.7.2017

Nazirlər Kabineti “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib.

Yeni tələblərə görə, təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra – qrant) ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Qrantın ayrılması üçün Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.

Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10000 manatdan çox olmamalıdır.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər.

İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.

Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.

trend.az