"Azərxalça"nın ilin sonunadək 9 filialı açılacaq
4.7.2017

2017-ci ilin sonunadək "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 9 filialının yaradılması nəzərdə tutulur.

Bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov deyib.

Cəmiyyətin əsas məqsədinin xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili və s. kimi məsələlər olduğunu deyən V.Muradov bildirib ki, bu gün "Azərxalça"nın ilk filialı cəbhə bölgəsində - Füzuli rayonunun Horadiz qəsəbəsində uğurla fəaliyyət göstərir.

Sədrin sözlərinə görə, ilk mərhələdə Cəmiyyətin Füzulidən başqa, Ağdam, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayon filiallarının yaradılması nəzərdə tutulub.

V.Muradovun sözlərinə görə, 2017-ci ilin sonunadək yaradılması nəzərdə tutulan 9 filialından 4-ü – Ağdam, Qazax, Tovuz, Ağstafa filialları yenə də cəbhə bölgəsində olacaq: "Horadizdə füzulilərdən ibarət məhsuldar və yaradıcı bir kollektiv çalışır. Biz öz sənətimizi ən ağır şərtlər altında belə yaşadırıq, davam etdiririk".

trend.az