Bakı Ali Neft Məktəbinin 29 məzunu “STAR"da işləyəcəklər
4.7.2017

Bakı Ali Neft Məktəbində (BANM) "SOCAR Turkey Enerji" şirkətinin "STAR Refinery" müəssisəsində işləyəcək məzunlar və istehsalat təcrübəsi keçəcək tələbələr ilə görüş keçirilib. 

BANM-dən verilən məlumata görə, bu səbəblə Ali Məktəbin 2016/2017-ci tədris ili üzrə təhsil alan 29 məzunu və 20 tələbəsi yaxın zamanda Türkiyəyə yola düşəcəklər.
Görüşdə BANM-in rektoru Elmar Qasımov, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov, Emal üzrə vitse-prezident David Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, "SOCAR Turkey" şirkətinin İnsan resursları üzrə departament rəhbəri Dinar Məmmədova, "Star Refinery" şirkətinin İnsan resursları üzrə departamentin meneceri Anar Süleymanov, "SOCAR Turkey" şirkətinin Kadrların cəlb edilməsi və idarə olunması departamentin nümayəndələri Ozay Unsal, Serda Okumuş, Leyla Axundzadə, Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov "SOCAR Turkey" şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib və onlara uğurlar arzulayıb.
O, qeyd edib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir: "BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olununublar. Bu layihə Azərbaycan və Türkiyə arasında bir dostluq nümayişidir. Mən fəxr edirəm ki, Ali Məktəbin məzunları regionun ən nüfuzlu olan şirkətlərin birində çalışacaqlar".

report.az