Salyanda eramızdan əvvələ aid olduğu ehtimal edilən insan sümükləri aşkarlanıb
4.7.2017

Salyanın Yeni Uluxanlı kəndində qədim insan sümükləri aşkarlanıb.

İnsan sümükləri Salyan şəhərindən 20-25 kilometr aralıda yerləşən kənddəki “7 qardaş təpəlikləri” adlanan ərazidə qazıntı işləri aparılarkən tapılıb.

Tarixçilərin fikrincə, rayonun Kürsəngi kəndindən başlayaraq Kür çayına qədər təxminən 20 kilometrlik məsafədə orta əsrə, eləcə də ondan əvvəlki dövrə aid yaşayış məskənlərinin eyni sıra üzrə düzülməsi və qədim ticarət yolunun bu ərazidən keçməsi Yeni Uluxanlı kəndinin qədim tarixindən xəbər verir. İlkin ehtimallara görə, kənddəki “7 qardaş təpəlikləri” Azərbaycan ərazisində Son Tunc, İlk Dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə aid olan kurqanlardır.

Professor Arif Məmmədov bildirib ki, həmin bu təpəliklərdə təkcə orta əsrlər dövrünə aid saxsı qabların qalıqlarının tapılması, kərpiclərin nəzərə çarpması, qara çıraqların aşkarlanması bu ərazidə sıx insan yaşayış məskəninin olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, bu ərazilərdə arxeoloji tədqiqat işləri aparılarsa, qədim tariximizin qaranlıqlarına işıq salan zəngin məlumatlar əldə etmək mümkündür.

azertag.az