Tehranda Azərbaycanın tarixini və müasir dövrünü əks etdirən foto-sərgi açılıb
5.7.2017

İyulun 4-də Tehranın möhtəşəm “Vəhdət” sarayında Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı mərasimi keçirilib.

Mərasimdə İranın mədəniyyət və islam irşadı naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər, Tehran ictimaiyyətinin nümayəndələri, səfirlər və ziyalılar iştirak ediblər.

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın şeiri ilə başlanan tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi ölkələrimiz və xalqlarımızın bir-birinə bəslədikləri mehriban qonşuluq və dostluq münasibətlərinin dərin köklərə malik olmasına bariz sübutdur.

Mədəniyyət din, coğrafiya və digər amillər baxımından yaxın olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin dərin tarixi kökləri var. Müasir dövrdə də Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhaninin himayəsi ilə iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir. Azərbaycan və İran dünya əhəmiyyətli layihələrdə bölgə üzrə aparıcı dövlətlərə çevriliblər. İki ölkə arasında iqtisadiyyat, energetika, nəqliyyat, rabitə, tibb, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir.

Ə. Qarayev bildirib ki, iki ölkə qarşılıqlı olaraq mədəniyyət tədbirləri təşkil edir, beynəlxalq turizm sərgilərində iştirak edirlər. YUNESKO və Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək nümayiş olunur.

Qarşılıqlı əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərib. Bu il Novruz bayramında 61 min İran vətəndaşı Azərbaycana qonaq gəlib. Bu bizim üçün sevindirici haldır. Bakı şəhərinin özünəməxsus gözəllikləri var və İran vətəndaşlarını cəlb edir. İnanıram ki, Azərbaycan iranlılar üçün ənənəvi istirahət mərkəzinə çevriləcək.

İranda Azərbaycan Mədəniyyəti Günləri 2010-cu ildə, Azərbaycanda isə İran Mədəniyyət Günləri 2011-ci ilə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan Mədəniyyət Günləri təkcə paytaxt Tehranda deyil, İsfahan şəhərində də keçiriləcək. Tehranda kino həftəsi, fotosərgi və teatr tamaşası nümayiş etdiriləcək, turizm sənayesi nümayəndələrinin görüşü təşkil olunacaq.

Ə.Qarayev nəzərə çatdırıb ki, mədəniyyət sahəsindəki münasibətlər xalqlar və dövlətlər arasındakı əlaqələrin yaxınlığı və digər sahələr üzrə əməkdaşlıq potensialının göstəricisidir. İranda Azərbaycan Mədəniyyəti Günlərinin belə geniş formada təşkili də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin yüksək olmasından xəbər verir.

Nazir tədbirlərin keçirilməsi üçün göstərilən köməyə və yaradılan şəraitə görə İran rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra İranın mədəniyyət və islam irşad naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman çıxış ediblər.

Qeyd olunub ki, İran ilə Azərbaycan bundan sonra da bütün sahələr üzrə əlaqələrini genişləndirməlidirlər. İran Azərbaycan ilə münasibətlərin inkişafına heç bir məhdudiyyət tətbiq etmir. Rəsmi Tehran Azərbaycanı özünün yaxın dostu hesab edir.

Vurğulanıb ki, Azərbaycan dili İranda geniş yayılıb və öz şirinliyi ilə seçilir. Mədəniyyət, adət-ənənə, milli mənəvi dəyərlər baxımından oxşar olan xalqlarımız daim sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir, hökumətlər də xalqların bu istəyini reallığa çevirirlər.

Nəzərə çatdırılıb ki, sərhədlər yalnız dövlətlər arasında mövcuddur. Xalqlar arasında isə heç bir sərhəd ola bilməz.

Mərasim konsert proqramı ilə davam edib.


azertag.az