Tarixçi Fuad Axundov Bakının zəngin tarixindən söhbət açıb
6.7.2017

İyulun 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunda tarixçi Fuad Axundovla görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova açaraq görüşün əhəmiyyətindən danışıb. Qeyd edib k, bu görüş muzeyin açdığı “Köhnə Bakının noktürnləri” rubrikasından silsilə tədbirlərin birincisidir.

Sonra mövzuya uyğun hazırlanmış slaydşou nümayiş olunub.

Sonra paytaxtımızla bağlı təqdimatla çıxış edən Fuad Axundov görüş iştirakçılarına Bakının zəngin və şanlı tarixi və müasir inkişafı barədə geniş məlumat verib.

Bildirilib ki, Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti, şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və zəngin enerji mənbələrinə malik olmasıdır.

Bakı XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olub.

Bu gün özünün böyük inkişaf yoluna qədəm qoyan və müasirliyi ilə dünyanı heyrətləndirən paytaxtımız haqqında geniş məlumat verən natiq bildirib ki, Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Görüş iştirakçıların böyük marağına səbəb olub.


azertag.az