Bakıda korporativ idarəetmə üzrə təlim-seminar keçirilib
6.7.2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan "KPMG" ilə birgə Korporativ İdarəetmə üzrə təlim-seminar keçirib.
Seminarda korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb, effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunub, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə danışılıb. Bununla yanaşı, seminar iştirakçılarına daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri və dayanıqlı inkişafın təmin olunması barədə məlumat verilib.
Qeyd edək ki, seminarın reallaşması Azərbaycan Prezidentinin 2017-ci il 5 sentyabr tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır.
Təlim-seminarda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "KPMG"-nin nüfuzlu ekspertlərinin iştirakı ilə belə bir seminarda iştirak dövlət qurumları və şirkətlərin nümayəndələrinə imkan verir ki, əldə etdikləri yeniliklər vasitəsi ilə öz işlərini daha da səmərəli və effektiv yerinə yetirsinlər. Bununla da qurumların xidmətlərindən istifadə edən əhali qruplarının məmnunluğu daha da artacaq.
"KPMG"-nin Azərbaycan ofisinin idarəçi partnyoru Vüqar Əliyev korporativ idarəetmə prinsiplərinin şirkət üçün əsas strateji istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycanda özəl və dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində müxtəlif sahələrdə geniş əməkdaşlığın aparıldığını təlim iştirakçılarının nəzərinə çatdırıb. İdarəçi partnyor növbəti illərdə də bu istiqamətdə əməkdaşlıqların inkişaf etdirilməsinin şirkətin əsas prioritet sahələrindən biri olacağını qeyd edib.
Ödənişsiz təşkil olunan təlim-seminarda İqtisadiyyat Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Neft Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Aztelekom" MMC, Dənizkənarı Bulvar İdarəsi kimi qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara İİTKM və "KPMG"-nin birgə sertifikatları təqdim olunacaq.



report.az