Azərbaycan Parisdə moda nümayişində təmsil olunub
7.7.2017

Parisdə “Crillon” mehmanxanasında 20-ci “Oriental Fashion Show” moda nümayişi keçirilib. Ölkəmizi Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi, rəssam-modelyer, ətriyyatçı Fəxriyyə Xələfova təmsil edib.

Tədbirin aparıcısı Azərbaycanlı modelyeri təqdim edərək onun ölkəmizin zəngin mədəni irsindən ilhamlandığını bildirib. Qeyd edib ki, Türkiyədə Xüsusi Ali Bədii dizayn məktəbində təhsil almış modelyer karyerasına 1998-ci ildən başlayıb. F.Xələfovanın əsas prinsipi milli geyimlərin müasir geyimlərə transformasiyası, klassik və müasir üslubun kombinasiyasıdır. O, bir çox beynəlxalq mükafatlara layiq görülüb. “Oriental Fashion Show”da ilk dəfə 2014-cü ildə iştirak edən F.Xələfova bu il şouya yeni kolleksiya ilə gəlib.

Qeyd edək ki, məşhur azərbaycanlı modelyer F.Xələfova Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Latviya, Almaniya, Yaponiya, Türkiyə, Gürcüstan, Monako, Misir və Vyanada moda nümayişlərində, müsabiqələrdə, sərgilərdə maraqlı kolleksiyalarla iştirak edib.


azertag.az