Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb".
Bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin "Məzun günü"ndə çıxışı zamanı deyib.
M.Cabbarov qeyd edib ki, bu da ali təhsildə keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsidir: "Bu artım həm də gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmin yaradır".
Nazir əlavə edib ki, bu gün elm və təhsildə aparılan islahatlar insanların intellektual bazasının artmasına, dövlətimizin möhkəmlənməsinə xidmət edir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, AMEA-da indiyədək kifayət qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirilib: "Lakin magistratura pilləsinin məzunlarının olması elmlə təhsilin inteqrasiyası deməkdir. Mən məzunlara müraciət edərək deyirəm ki, bu gün mövcud olan bəzi ixtisaslar haqqında 10-15 il əvvəl məlumat yox idi. Bugünkü ixtisaslar da 20 ildən sonra köhnəlmiş sayıla bilər. Ona görə də insanın özünü inkişaf etdirməsi vacibdir".
trend.az