UNESCO-nun Litvada keçirdiyi festivalda Azərbaycanı xanəndə Könül Məmmədli, Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança) təmsil edəcəklər. Təmsilçilərimiz iyulun 12-də yola düşəcəklər.
Bu barədə Pərviz Fərhadov məlumat verib.
Festival iyulun 13-dən 16-dək davam edəcək. Festivalda Azərbaycan, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak edəcəklər.
Qeyd edək ki, xanəndə Könül Məmmədli muğam televiziya müsabiqəsinin laureatı, həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbəsidir. Ədalət Behbudov respublika və beynəlxalq müsabiqələr qalibidir. Hazırda Bakı Humanitar Kollecində müəllim vəzifəsində çalışır. Pərviz Fərhadov da respublika və beynəlxalq müsabiqələr qalibidir. Hazırda Azərbaycan Milli Konservatoriyasının və Respublika İncəsənət Gimnaziyasının müəllimidir.
azertag.az