İyulun 9-da Bakıda Gənc Hüquqşünasların III Beynəlxalq Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyidir.
Açılış mərasimində yerli gənc hüquqşünaslarla yanaşı, ELSA-nın təmsilçiləri və Azərbaycan nümayəndəliyinin üzvləri iştirak ediblər.
Forum ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlara həsr olunub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müvafiq sahədə həyata keçirilən institusional və qanunvericilik islahatlar barədə məlumat verib. Dövlətimizin başçısının 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbulunun şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsindəki əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini verib. Bu sahədə həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin önəmini vurğulan K.Cəfərov Azərbaycan təcrübəsinin, o cümlədən “ASAN xidmət” modelinin artıq bir sıra ölkələrdə ən yaxşı nümunə kimi tətbiqindən danışıb və forumun işinə uğurlar arzulayıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev korrupsiyaya qarşı mübarizə sahəsində icra edilən dövlət proqramları, beynəlxalq təşəbbüslərdə aktiv iştirak haqqında məlumat verib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə qazanılan mühüm nailiyyətlər mövcud olan güclü siyasi iradə ilə bağlıdır.
“Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri Rəna Səfərəliyeva ölkəmizin “Beynəlxalq şəffaflıq” təşkilatının antikorrupsiya indekslərində inkişaf edən dinamik mövqeyi barədə iştirakçıları məlumatlandırıb.
Avropa Şurası ilə Azərbaycan hökuməti tərəfindən birgə icra edilən antikorrupsiya layihəsinin rəhbəri Teodora Lukoviç layihə çərçivəsində əldə edilən nailiyyətlərdən danışıb. Azərbaycanda gənclərə və gənc hüquqşünaslara yaradılan şəraiti yüksək qiymətləndirib.
Tədbirdə beynəlxalq təcrübəyə əsaslanan “Elektron hökumət” portalı ilə bağlı məlumat verilib, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunun icrası sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Məhəmməd İsmayılov bildirib ki, ELSA təşkilatı Azərbaycanın gənc hüquqşünasları üçün müxtəlif ölkələrdən olan həmkarları ilə təcrübə və fikir mübadiləsi aparmaq baxımından yaxşı platformadır. Forumun Azərbaycanda keçirilməsi dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının təcəssümüdür.
Tədbirdə ümumilikdə Avropanın 20 ölkəsinin qabaqcıl universitetlərində təhsil alan 200-dən çox gənc hüquqşünas iştirak edib.
Qeyd edək ki, əsası 1981-ci ildə qoyulan ELSA ən böyük hüquq tələbə təşkilatlarından biridir. Avropanın 43 ölkəsində fəaliyyət göstərən ELSA 230 universitetdə təhsil alan 48 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişlənməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir.
Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.
azertag.az