Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin bir qrup ekspertindən ibarət nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olub.
Nazirlikdən bildirilib ki, nümayəndə heyətini qəbul edən nazir müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq, ölkəmizin Avropa Şurası ilə mədəniyyət və turizm sahələrində olan münasibətlərinin inkişafından danışıb.
S.Məmmədəliyeva 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin görüşünü xatırladaraq, həmin ildən bəri Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi” çərçivəsində 2011, 2013, 2015 və 2017-ci illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında və digər qlobal tədbirlərdə Avropa Şurasının iştirakını və tərəfdaşlığını qeyd edib.
Daha sonra görüşün əsas mövzusu olan milli azlıqların mədəni həyatının dəstəklənməsi istiqamətində atılan addımlar müzakirə edilib. Hər iki ildən bir möhtəşəm şəkildə keçirilən milli azlıqların mədəni festivalı haqqında məlumat alan qonaqlar gələn il keçiriləcək festivala da dəvət ediliblər. Milli azlıqların musiqi atlasının yaradılması da nazirliyin əlamətdar layihələrindən biri kimi qeyd olunub.
Bildirilib ki, Azərbaycanın 2010-cu ildən “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci ildə Paris şəhərində qəbul edilmiş UNESCO Konvensiyasına qoşulması, milli azlıqların mədəniyyətlərinə qayğı siyasətinin növbəti təzahürüdür.
Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.
azertag.az