Azərbaycan paytaxtında II Bakı Beynəlxalq Teatr Konfransı keçirilir
5.11.2012

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda II Bakı Beynəlxalq teatr konfransı işə başlayıb.

Konfransa dünyanın 35 ölkəsindən gəlmiş 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər toplaşıblar. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foyesində I Bakı Beynəlxalq teatr konfransı, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş fotosərgilərlə tanış olunublar. Konfransın rəsmi açılış mərasiminə I Bakı Beynəlxalq teatr konfransını əks etdirən videoçarxın nümayişi ilə başlanılıb.

Beynəlxalq konfransın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, dünyanın tanınmış teatr sənətçilərinin artıq ikinci dəfə bir araya gələrək müasir əsrin teatr proseslərini araşdırması önəmlidir: “Elə ona görə də belə bir dəyərli layihənin Bakıda gerçəkləşməsi bizdə böyük qürur hissi doğurur. II Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur”.

Tədbirdə çıxış edən Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Ali Mahdi belə bir konfransın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib. Konfrans iştirakçılarına UNESKO-nun baş direktoru İrina Bokovanın salamlarını çatdıran A.Mahdi deyib ki, bu möhtəşəm konfrans bu qurumun diqqət mərkəzindədir. Son illər Azərbaycanın mühüm mədəni tədbirlərə ev sahiblik etməsini xüsusi olaraq qeyd edən qonaq bu istiqamətdə görülən hər bir işi müsbət qarşılandığını bildirib.

Litvanın mədəniyyət nazirinin müavini Deividas Staponkus tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və tədbirin dünya teatr sənətinin inkişafına yeni töhfələr verəcəyini söyləyib.

Teatrı mühüm bir sahə kimi səciyyələndirən polşalı dramaturq, rejissor və ssenarist Kşiştof Zanussi deyib ki, bu sənət növü təkcə gözəlliyi deyil, həmçinin kamilliyi, aqilliyi də tamaşaçıya çatdırmalıdır: “Teatr məsələləri hər bir cəmiyyət üçün eyni olmalıdır. Belə konfransların keçirilməsi bizə imkan verir ki, bu sahədəki prosesləri birlikdə müzakirə edək”.

Bakıya üçüncü dəfə səfər etdiyini söyləyən Uşaq və Gənclər Teatrları Beynəlxalq İcra Komitəsinin (ASSİTEJ) prezidenti İvet Hardi vurğulayıb ki, uşaq və gənclərin maraq və istəkləri nəzərə alınaraq onlar üçün teatrlar yaradılmalıdır: “Bu konfransda aparılacaq danışıqlar və müzakirələr zamanı bu məsləyə də xüsusi diqqət yetiriləcəyinə ümidvaram”.
Cəmiyyətin müxtəlif qruplarını əhatə edən teatrların yaradılmasının vacibliyini söyləyən Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoe qeyd edib ki, belə olarsa auditoriya müxtəlifliyi yaranacaq. Açılış nitqlərindən sonra qonaqların və teatr mütəxəssislərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

APA