Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə II olub
10.7.2017

Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, F. Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.
Qeyd edək ki, Nəcəfli Firuzə Elman qızı Bakı şəhərində anadan olub. 2006-cı ildə Rafiq Babayev adına Uşaq Musiqi Məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-Studiyaya - Professor Tərlan Seyidovun sinfinə daxil olub və 2009-cu ildə oranı əla qiymətlərlə, 2013-cü ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini fərqlənmə diplomu ilə bitirib və elə həmin il Akademiyanın “Fortepiano” fakütəsinin magistraturasına daxil olub, 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə başa vurub.
Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib.


report.az