BDU-da informasiya agentlikləri ilə bağlı kitabın təqdimatı keçirilib
10.7.2017

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Dünyanin aparıcı informasiya agentlikləri, Azərbaycan informasiya agentliklərinin yaranması və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı" adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə BDU-nun professor-müəllim heyəti, mətbuat orqanlarının rəhbərləri və başqaları iştirak ediblər.
Universitetin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir: "Kitab 3 hissədən ibarətdir. Kitabın ilk bölməsində dünyanın xəbər axını təmin edən əsas informasiya agentlikləri ətraflı şəkildə araşdırılır. İkinci bölmədə Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri, xəbər portalları, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatları tədqiqata cəlb olunur".
Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli universitetlərin, jurnalistika fakültələrinin tələbələri, müəllimlər, peşəkar jurnalistlər, media sahəsi üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulan dərs vəsaitinin əhəmiyyətindən danışıb.


report.az