“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin gəmiləri ilə ötən ay daşınan yüklərin həcmi çoxalıb. Artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb.
AXDG-dən verilən məlumata görə, hesabat dövründə 1 542 avtomaşın daşınıb. Bunlardan 682-si "Ro-Ro", 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.
Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4 200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2 758 olub.
Eyni dövrdə ümumilikdə 348 522 ton maye, 93 463,3 ton quru yük daşınıb.
2017-ci ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1 520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.
Xatırladaq ki, gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir.
report.az