"İş yerinə dair arayış" e-xidmətinə müraciətlərin sayı çoxalıb
11.7.2017

Cari ilin 6 ayında “İş yerinə dair arayış” elektron xidmətinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çox müraciət olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay 23 314 müraciət qeydə alınıb. Ümumilikdə, cari ilin 6 ayında bu e-xidmətdən 134 835 dəfə istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çoxdur.

2014-cü ilin iyul ayından ƏƏSMN tərəfindən tətbiqinə başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi işçi və işəgötürənlər arasında əmək müqavilələri əsasında mövcud olan bütün əmək münasibətləri barədə dolğun informasiya bazası formalaşdırıb. Sistemin üstünlüklərindən biri olaraq hər bir işçinin onunla bağlanmış əmək müqaviləsi barədə istənilən vaxt elektron qaydada məlumat əldə etməsinə də şərait yaranıb. Bu əsasda həmin ilin dekabr ayında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidməti vətəndaşların istər ümumi təyinatlı, istərsə də konkret bir təşkilata təqdim etmək üçün real vaxt rejimində öz iş yerləri haqqında e-arayış əldə edə bilmələrinə imkan verib. Onlar həmin arayışı aidiyyəti quruma elektron şəkildə göndərə və ya çap edərək kağız şəklində təqdim edə bilirlər.

Beləliklə, bu e-xidmət istifadəyə verildikdən sonra hər hansı işçinin qeyd olunan arayışı almaqdan ötrü işəgötürənə müraciət etməsinə, bunun üçün vaxt sərf etməsinə ehtiyac qalmayıb. İş yerinə dair arayışın tələb olunduğu təşkilatlar da həmin arayışın məhz elektron qaydada təqdim olunmasına üstünlük verirlər. Çünki onlar belə e-arayışlarda əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidmətinə 1 iyul tarixinədək 587 706 dəfə müraciət olunub.

trend.az