Prezident İlham Əliyev Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sənəddə xatırladılıb ki, 2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.
Şövkət xanım Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.
Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
report.az