"Bakıda öz evimdəki kimiyəm. İlk dəfə bura "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun olduğu vaxt gəlmişdim. Həmin vaxtlardan xoş xatirələrim qalıb. Sonuncu dəfə isə 2 il əvvəl olmuşdum".
Bunu Bakıda səfərdə olan "Pole Çudes" verilişinin aparıcısı Leonid Yakuboviç jurnalistlərə açıqlamasında deyib. "Qarabağ" və Gürcüstan "Samtredia"sı arasındakı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda izlədikdən sonra təəssüratlarını bölüşən L.Yakuboviç gözəl futbola azarkeşlik etdiyini söyləyib: "Mən azarkeş deyiləm. Heç kimə azarkeşlik etmirəm. İlk dəfə Azərbaycanda futbola canlı baxırdım. Televiziya ilə müqayisədə stadiondan baxmaq fərqli hisslər yaradır. Futbol bir tamaşadır. İstərdim ki, incəsənətə də çevrilsin. Mən gözəlliyi peşəkarcasına sevirəm. İstərdim ki, futbolçular da pul qazanıb stadionda sadəcə, qaçmaq üçün yox, tribunalardakı insanları əyləndirmək üçün oynasınlar. Çoxlu sayda insan gəlmişdi ki, oyuna baxsınlar, sevinsinlər, azarkeşlik etsinlər. Futbolçular da gözəl oynadılar. Öz verilişimdə suala cavab tapsalar da, mənim hesabı əvvəlcədən müəyyənləşdirməklə aram yoxdur. Taleyin gərdişini bilmək olmaz".
O, Bakının xeyli dəyişdiyini də vurğulayıb: "Möhtəşəm bulvar, evlər... Hər şey fenomenaldır. Sadəcə, həsəd aparırsan. Hər şey zövqlə edilib".
Heç də hər zaman reklam dalınca qaçmadığını deyən aparıcı bu zaman məsuliyyətini dərk etdiyini bildirib: "Mən yalnız çay içirəm. Başqa heç nə içmirəm. Çaydan çox yaxşı başım çıxır. Bu səbəbdən, Azərbaycanda istehsal olunan çayın dadına baxdığım andan bütün ailəm yalnız "Azərçay" içir. Mən bunu hamıya deyirəm. Yaxşı kino, yaxşı teatr, yaxşı yemək hər bir xalqın qürur mənbəyidir. Hər hansı ənənənin davam etdirilməsi həmin xalqın üzərinə düşür. Başqa cür olmaz. Sevgi uzunömürlü olmalıdır. Çay içmək də ənənədir. Bizdən əvvəlki nəsillərə pis çay versəydilər, onlar bizlərə onu ötürməzdilər. Ailəyə, evə, övladlara, yaşlılara hörmət kimi bu da illərdir davam edir".
L.Yakuboviç sonda Azərbaycan xalqına arzularını çatdırıb: "Sülhdən başqa heç bir arzum yoxdur. Müharibə ölümcül xəstəlikdir. Sülh olsa, siz özünüzə yaxşı və firavan həyat quracaqsınız. Bunu bütün xalq başa düşür. Amma həlli yolları rəhbərin üzərinə düşür. Mən hazırkı prezidentinizin atası ilə tanış idim. Çox dəyərli şəxsiyyət idi. Onunla görüşdə 3 saatlıq söhbət həyatım boyu yadımda qalacaq. Fenomenal idi. Mən hazırkı prezidentlə də qısa müddətlik tanış oldum. Alalh ona ömür versin ki, atasının yolunu davam etdirsin. Çünki atası dahi insan idi. Bunu ona görə demirəm ki, burada anadan olub, böyüyüb. Tarixdən 10, praktikadan 5 adam deyə bilərəm ki, belə dövlət başçıları olub. Başa düşürsünüz, Uinston Çörçill, Şarl De Qol, Franklin Ruzvelt kimi insan, böyük tarixi şəxsiyyət, siyasi xadim idi. Mən onunla keçirdiyim dəqiqələrə görə xoşbəxtəm".
report.az