Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpasının ilkin mərhələsi başa çatıb.
İş icraçıları “Günbəzli hamam”ın yenidən qurulması zamanı yeni faktlarla qarşılaşıblar. Hamamın həyətində hələ qədim dövrlərdə suyun qızdırılması üçün istifadə olunmuş qazanxana üzə çıxıb.
İş icraçısı İsrail Cabbarov bildirib ki, hamama bitişik olan qazanxana yenidənqurma işləri zamanı ziyan dəyməsin deyə xüsusi mühafizə hasarı ilə əhatələnəcək.
İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadının və daxili hissələrinin yenilənməsi prosesi artıq yekunlaşıb. Hazırda isə binanın dam örtüyündə, günbəzlərdə və divarlardakı çatlar təmir olunur.
Abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Təmir və yenidənqurma işləri qədim hamamın daxilində də aparılıb. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilib. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyib. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb.
Tarixi abidənin bərpası 2017-ci ilin sonuna kimi tam başa çatacaq. Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.
Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
“Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.
1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
azertag.az