Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən qısa vaxt sonra respublikada tənəzzülün qarşısı alındı, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində inkişaf dövrü başlandı.
Bu fikirlər ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “14 iyul 1969-cu il: Azərbaycanın yeni tarixinin başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə təşkilatın sədr müavini İbrahim Hənifəzadə, idarə heyətinin üzvü Ünbülbanu Musayeva, partiya veteranı Musa Şirəliyev, Cəlilkənd tam orta məktəbinin direktoru Eldəniz Musayev, Zeyvə kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimov və başqalarının çıxışları dinlənilib.
Qeyd olunub ki, ötən əsrin 60-cı illərinin sonunda Azərbaycanda ciddi dəyişikliyə zəruri ehtiyac yaranmışdı. Bu dəyişiklik məhz 1969-cu il iyulun 14-dən başlandı. 1969-1982-ci illərdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Həmin illərdə şəhər və rayonlarda böyük sənaye-istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, parklar, mehmanxanalar, iri şərab və konserv zavodları, çay, tütün fabrikləri tikildi. Kənd təsərrüfatı inkişaf etdirildi, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirildi, nəhəng meliorativ qurğular inşa olundu. Respublikada aparılan ciddi islahatlar, həyata keçirilən təşkilati tədbirlər nəticəsində iri metallurgiya, maşınqayırma, energetika, elektronika, kimya və neft-kimya sənayesi sahələri yaradıldı. Nəticədə, 1972-ci ildə Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildi.
Vurğulanıb ki, Ulu Öndər qarşısına həm də Azərbaycan xalqının mənəviyyatının, milli və mənəvi dəyərlərinin yaşadılması və təbliği, respublikanın mənəvi-psixoloji mühitinin ciddi şəkildə dəyişdirilməsi vəzifəsini qoymuşdu. Bütün bunlar uğurla həyata keçirildi. Xalqımızın böyük oğlunun həmin dövrdəki fəaliyyəti yalnız milli intibaha – müstəqil Azərbaycan Respublikasına aparan yolun ən vacib mərhələsini təşkil etdi.
Beləliklə, 48 il bundan əvvəl Ulu Öndər Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, hərbi quruculuğun, elmin, mədəniyyətin inkişaf etdirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, mövcud olan mənfi halların aradan qaldırılması istiqamətində fədakarlıqla çalışdı. Bu mübarizədə o, yalnız xalqına arxalandı, xalq da dahi rəhbərinə arxa-dayaq oldu. Heydər Əliyev–Azərbaycan, Azərbaycan–Heydər Əliyev vəhdəti də məhz o illərdən yaranmışdı. Xalqla, Azərbaycanla birlikdə Ümummilli Lider də ucaldı.
Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə birlikdə müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Bu uzaqgörən siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində respublikamızın beynəlxalq aləmdəki mövqeləri gündən-günə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub.
azertag.az