“Facebook Messenger”in tərtibatçıları tezliklə proqramda kommersiya elanlarının yerləşdirilməsi funksiyasının istifadəyə veriləcəyini açıqlayıblar. Bu barədə servisin rəsmi blokunda deyilir.
Məlumata görə, reklam messencerin dialoqlar arasında əsas tab-vərəqəsində yerləşəcək. İstifadəçilər düyməni elanın üzərinə basmaqla dərhal şirkətin saytına keçə və ya nümayəndə ilə söhbətə başlaya biləcəklər. Reklam parametrləri smartfon ekranının ölçüsündən, eləcə də saxlanılan dialoqların sayından asılı olacaq. Elanların yönləndirilməsi sistemi istifadəçi yazışmalarının məzmununu nəzərə almayacaq.
Reklamçıların yeni alətdən iyulun sonunadək yararlana biləcəkləri gözlənilir. Bununla yanaşı, funksiya dünyanın müxtəlif regionlarında tədricən istifadəyə veriləcək.
Xatırladaq ki, “Facebook Messenger”də reklamın sınaqlarına cari il yanvarın sonlarında başlanılıb. İlkin mərhələdə alətdən Avstraliya və Tailand istifadəçiləri yararlanmaq imkanı əldə edib.
azertag.az