Sentyabrda Bakıda iki beynəlxalq forum keçiriləcək
12.7.2017

 “Caspian European Club” və “Caspian American Club” sentyabrın 20-də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Caspian Energy Transport Forum” və “Caspian Energy ICT Forum” keçirəcək. Bunu “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, forumun açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı gözlənilir.
T.Əliyev forumun birinci hissəsinin nəqliyyat sektoruna, ikinci hissəsinin isə İKT sahəsinə həsr olunacağını deyib: “Sözügedən forum “Caspian European Club” və “Caspian American Club”un üzvlərinin çoxsaylı xahişləri əsasında baş tutacaq. Bundan əlavə, tədbirdə iştirak etməyi planlaşdıran xarici şirkət nümayəndələri də foruma böyük maraq göstəriblər”.
T.Əliyev forumun təşkilinin əlamətdar hadisə sayılan “Əsrin müqaviləsi”nin imzalandığı tarixə - sentyabrın 20-nə planlaşdırıldığını və neft sektorunun inkişafından qeyri-neft sektorunun, xüsusi nəqliyyat və İKT sahələrinin inkişafına keçidlə assosiasiya olunduğunu vurğulayıb.
“Caspian Energy Transport Forum”un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutun açılması, dəmiryol stansiyalarının tikintisi, Xəzər dəniz gəmiçiliyinin inkişafı olacaq. Forumda AZAL, "Azərbaycan Dəmir Yolları" QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
“Caspian Energy İCT Forum” çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan şirkətləri tərəfindən ölkəmizin hüdudlarından kənarda uğurla istifadə olunan proqram təminatının istehsalı məsələsinin müzakirəsi planlaşdırılır.
Forumda iştirak etmək üçün http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017 linkə daxil olmaq mümkündür.
T.Əliyev həmçinin qeyd edib ki, tədbirin keçirildiyi ərəfədə “Caspian Energy” jurnalının nəqliyyat və İKT forumlarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görəcək.


report.az