Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İranda filmə çəkilmək üçün dəvət alıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq.
Film İranın tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.
Qeyd edək ki, filmdə daha bir baş rolu – Aydın obrazını Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanıdığı, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov ifa edir.
report.az