“Payızın gəlişi və son günlər yağan yağışlarla əlaqədar bəzi sürüşmə sahələrində cüzi aktivləşmələr var. Lakin ciddi problemlər törədəcək aktivləşmələr müşahidə edilmir”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.
O bildirib ki, son günlər Əhmədli qəsəbəsinin Gəncə prospektində, Şamaxı və İsmayıllı rayonunun bəzi kəndlərində daha çox aktivləşmə müşahidə edilib: “Şamaxı və İsmayıllı rayonlarında sürüşmə aktivliyi müşahidə edilən kəndlərin sayı daha çoxdur. Bu ərazilər hər zaman sürüşmə zonası hesab edilir. Lakin atmosfer çöküntüləri artanda sürüşmə zonalarının gərginliyi də artırır. Mövsümlə əlaqədar sürüşmə sahələrində müşahidələr mütəmadi olaraq həyata keçirilir. Lakin yağışlarla bağlı müşahidələr arasında müddət qısaldılır”.
B. Qaralov qeyd edib ki, Azərbaycanda sürüşməyə meylli magistral yollarda hər ay monitorinqlər aparılır.
APA