Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Mərkəzdən verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.
İmtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur. Abituriyentlərin 15407 nəfəri oğlanlar (II qrup üzrə 11124 nəfər, III qrup üzrə 4283 nəfər), 18634 nəfəri isə qızlardır (II qrup üzrə 6764 nəfər, III qrup üzrə 11870 nəfər). 25741 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6903 nəfər əvvəlki illərin məzunlarıdır. 59 nəfər ali təhsil müəssisələrinin, 1338 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 176 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15190, Naxçıvanda 1577, Gəncədə 3554, Sumqayıtda 1657, Mingəçevirdə 1412, Şəkidə 1992, Bərdədə 2201, Göyçayda 1391, Şirvanda 1565, Lənkəranda 2197, Xaçmazda isə 1305 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
trend.az