Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı yeni layihənin icrası davam edir. Layihə çərçivəsində “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolları” adlı kitab çapdan çıxıb. Nəşrin məsləhətçisi Milli Məclisin deputatları – akademik Nizami Cəfərov və Əflatun Amaşovdur. Nəşrin tərtibçisi və layihə rəhbəri Dəyanət Osmanlı, redaktorlar Rafiq Hümmət və Mirzə Məmmədoğludur.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, nəfis tərtibatlı kitabda Azərbaycan və gürcü müəlliflərinin ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinə dair, habelə Gürcüstana yönələn məkrli erməni siyasətinin müxtəlif məqamlarını təhlil edən materiallar yer alıb. Həmçinin ilbəil dinamikləşən, yeniləşən mehriban qonşuluq münasibətlərinə dair sənəd və məqalələrin, Azərbaycan-Gürcüstan prezidentlərinin görüşlərinin əhəmiyyətini əks etdirən məsələlər araşdırmaya cəlb edilib. Nəşr elmi dairələr, politoloqlar, ictimai fəaliyyətlə məşğul olan gənc nəslin nümayəndələri arasında Gürcüstan-Azərbaycan münasibətlərinin öyrənilməsi, milli maraqlarımızın müdafiəsi, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Kitabın təqdimatının Tbilisi və Marneuli şəhərlərində keçirilməsi nəzərdə tutulur.
azertag.az