Səyyar ASAN xidmət Tərtərdə
13.7.2017

Səyyar ASAN xidmət 13-27 iyul tarixində Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, həmçinin səyyar avtobuslar 29 iyun - 28 iyul Xaçmaz şəhərində, 29 iyun - 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 7 - 31 iyul İsmayıllı və Lerik rayonlarında, 10 - 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 10 - 19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində, səyyar “ASAN qatar” isə 5 - 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycanın Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

trend.az