Dünən Bakı Dövlət Universitetində müxtəlif illərdə bu ali təhsil ocağının bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib.
BDU-nun İnformasiya şöbəsindən verilən məlumata görə, hüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrinin məzunları ilə görüşü rektor Abel Məhərrəmov açıb. Bu günün BDU-nun həyatında əlamətdar tarixlərdən biri olduğunu bildirən rektor vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də, yenidən universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökümət strukturlarında, ali təhsil sistemində çalışan çoxsaylı mütəxəssislər var.
Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bugünkü görüşün xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsi olduğunu bildirib.
Vyetnamın Hanoi Universitetinin professoru, BDU-nun Biologiya fakültəsinin 1978-ci il məzunu Nquyen Van Ma yenidən universitetdə olmaqdan və onlara dərs demiş müəllimlərini görməkdən məmnun olduqlarını bildirib.
Görüşdə universitetin vyetnamlı məzunlara dərs demiş müəllimləri keçmiş tələbələrilə bağlı xatirələrini bölüşüblər.
publika.az