Dünyanın ən böyük əczaçılıq şirkətlərindən olan “SunPharma” ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, bu dünya nəhənginin istehsal etdiyi preparatların ölkəmizdəki satışını eksklüziv olaraq “GünPharma” əczaçılıq şirkəti həyata keçirəcəkdir.
Qeyd edək ki, “SunPharma” ABŞ-ın nüfuzlu “Forbes” dərgisinin reytinqinə görə, 39 milyard dollarlıq kapitalla Hindistanın birinci, dünyanın isə beşinci genetik əczaçılıq şirkətidir.“SunPharma” şirkətinin məhsulları dünyanın 150 ölkəsinə ixrac olunur. Həmin əczaçılıq nəhənginin tərkibində 49 zavod fəaliyyət göstərir ki, bu müəssisələr planetin 5 qitəsini əhatə edir. “SunPharma” ABŞ-ın əczaçılıq bazarında 20 ildir fəaliyyət göstərir və oradakı illik ticarət dövriyyəsinin həcmi 2 milyard dollardan yuxarıdır. Həmin dünyaca məşhur aparıcı əczaçılıq şirkəti artıq Azərbaycan bazarına da daxil olacaqdır.
“Scandens Pharmaceuticals İndustries Ltd” tərəfindən Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də iştirak edib.
Mərasimdə bildirilib ki, yeni əczaçılıq zavodunun məhsulları Avropanin GMP standartlarına cavab verəcək ki, bu da öz növbəsində daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Zavod kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatlarını hazırlayacaqdır. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 mln. tablet, 40 mln. kapsul və 20 mln. ampula qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaqdır.
İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcəkdir. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaqlar. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.
publika.az